Qusar, 18 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Hil kəndində 720 şagird yerlik yeni məktəb binası inşa olunur.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzindən 12 kilometr məsafədə yerləşən kənddə təhsil ocağının inşasına cari ilin yanvar ayından başlanılıb. Üçmərtəbəli binada 32 sinif, 9 laborotoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompyuter otaqları, idman, akt, oxu zalları, kitabxana və 180 yerlik yeməkxana olacaq.
Hazırda məktəbin zirzəmisi və birinci mərtəbəsi inşa olunur.
Bu, Hil kəndində inşa olunan üçüncü məktəb binasıdır. 1500 nəfərdən çox sakini olan Hil Qusarın ən böyük kəndlərindən sayılır.
Qeyd edək ki, 2014-2015-ci tədris ilinin əvvəlində Qusar rayonunun Atlıxan, Kufoba, Əniğoba, Hiloba, Aşağı İmamqulukənd və Çubuqlu kəndlərində tikilən yeni məktəb binaları şagirdlərin istifadəsinə verilib. 2015-ci ilin mart ayında isə Hil və Bədirqala kəndlərində yeni inşa olunan məktəb binalarının açılışı olub.