Qahirə, 17 aprel, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnaməyə dair bəyanatı Misirin Yaxın Şərq Xəbərlər Agentliyində və "Əl-Masr Əl-Yaum", "Əl-Shorouk", "El-Balad", "Əl-Axbar" kimi nüfuzlu qəzetlərdə və xəbər portallarında yayılıb.
Bəyanatda qondarma erməni soyqırımı ilə əlaqədar qəbul edilmiş qətnamənin əsassız, qərəzli və qeyri-ciddi sənəd olaraq, ikili standartların bariz nümunəsi olduğu bildirilir. Avropa Parlamentinin Ermənistanın əsassız iddialarına söykənən bu qətnaməsinin regionda gərginliyin daha da artmasına rəvac verdiyi diqqətə çatdırılır.
Bəyanatda, həmçinin insan hüquqlarının “müdafiəçisi” roluna iddia edən dairələrin
Avropa Parlamentində erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törədikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilmədiyi vurğulanır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə