Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Böyük Britaniyanın Kyu Kral Botanika Bağının alimlərinin iştirakı ilə müşavirə keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, xarici alimlərin ölkəmizə səfərinin məqsədi Azərbaycanda yaz florasının öyrənilməsi üzrə bəzi rayonlarda müştərək çöl ekspedisiyalarının həyata keçirilməsi, eyni zamanda, AMEA Mərkəzi Nəbatat Bağının canli kolleksiyasinin və Botanika İnstitutunun Herbari Fondunun zənginləşdirilməsidir.
Əvvəlcə britaniyalı alimlər Kit Strange, Joanne Everson və Norman Stevens Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ilə görüşüblər.
Görüş çərçivəsində institutda təşkil olunan seminarda bu beynəlxalq layihəni Azərbaycanda təmsil edən gənc doktorant Aida Dadaşova Botanika İnstitutunun elmi tədqiqat istiqamətləri, beynəlxalq elmi əlaqələri, həyata keçirilən müştərək layihələr, həmçinin Azərbaycanın bitki müxtəlifliyi, landşaftları barədə məruzə ilə çıxış edib.
K.Strange məruzəsində Kyu Kral Botanika Bağının yaranma tarixi, infrastrukturu və fəaliyyət istiqamətləri, J.Everson isə Bağın müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, istixanaları və bağçılıq sahəsi üzrə müasir istiqamətlərdə aparılan tədqiqat işləri barədə ətraflı məlumat verib.
Sonda əməkdaşlığın inkişaf etdirilməsi üzrə gələcək addımlar müzakirə olunub və tərəflər daha geniş təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, Botanika İnstitutu tərəfindən qonaqların Azərbaycanın müxtəlif bölgələrinə, xüsusilə Alp qurşaqlarına beynəlxalq ekspedisiyalarına başlanılıb. Çöl tədqiqatları aprelin 24-dək davam edəcək.

