Salyan, 17 aprel, Mahir Babayev, AZƏRTAC
Aprelin 17-də Salyanda cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda 2015-ci ilin birinci rübündə məhsul buraxılışının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 41,1 milyon manata çatdığı bildirilib. Məlumat verilib ki, kənd təsərrüfatı məhsullarının həcmi 696 min manat, sənaye məhsulunun həcmi isə 11,7 milyon manat olub, 186 yeni iş yeri yaradılıb. Əsas kapitala yönəldilən investisiya 4,5 milyon manat təşkil edib.
Ötən müddətdə şəhərin park və xiyabanları abadlaşdırılıb, 12 mindən çox ağac əkilib. Hazırda 11 küçədə yenidənqurma işləri aparılır. YAP Salyan rayon təşkilatının yeni binasının tikintisi başa çatdırılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik üç uşaq bağçası, rayon prokurorluğu və ərazi kənd təsərrüfatı idarəsi üçün inzibati binaların inşası davam etdirilib. Beşmərtəbəli ticarət mərkəzi, 50 çarpayılıq ağciyər xəstəlikləri xəstəxanasını yeni inzibati binaları və Peyk kəndində 220 yerlik yeni məktəb binası istifadəyə verilib. “Kənd təsərrüfatı ili” çərçivəsində Çuxanlı kəndində istehsal gücü 450 min ədəd yumurta olan inkubator sexi, Qaraçala qəsəbəsində 10 min tonluq taxıl anbarı, 2400 başlıq süd-əmtəə kompleksi inşa olunub. Qırxçıraq qəsəbəsində 600 tonluq quru meyvə istehsalı müəssisəsinin, Kürsəngi kəndində illik istehsal gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi isə davam edir.
Yığıncaqda əhalinin elektrik enerjisi, qaz, su ilə təminatı və digər xidmət təşkilatlarının işi və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib, müvafiq qərar qəbul olunub.