Ankara, 17 aprel, AZƏRTAC
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə daimi komissiyanın 8-ci iclası keçirilib.
İclasdan əvvəl nümayəndə heyətimiz Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib, Anıtqəbirə əklil qoyulub.
İkitərəfli görüşündən sonra nazirlər Səlim Müslümov və Faruk Çelik Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Əmək Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə daimi komissiyanın 8-ci iclasının protokolu imzaladılar.
Media təmsilçilərinə iclasda müzakirə olunan məsələlər barədə ümumi məlumat verən Faruk Çelik diqqətə çatdırdı ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP layihəsi Azərbaycanda və Türkiyədə işsızlıyin aradan qalxması və əhalinin rifahının yaxşılaşmasına böyük təsir göstərib. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinə, eləcə də ölkələrimizdə yaşayan hər iki qardaş ölkənin vətəndaşlarına doğma münasibət göstərilir. Nazir diqqətə çatdırdı ki, Azərbaycanda Türkiyə şirkətlərinin fəaliyyəti üçün yaradılmış yaxşı şərait hesabına 50 min yeni iş yeri açılıb.
Səmimi qonaqpərvərliyə görə, minnətdarlğını ifadə edən nazir Səlim Müslümov ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan regional inkişaf strategiyasının nəticələrindən danışdı. Nazir qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində son 12 ildə Azərbaycanda bir milyon 360 min iş yerinin açıldığını diqqətə çatdıran nazir bildirdi ki, onların bir milyonu daimi iş yeridir.
Gündəlikdə duran məsələlərə də münasibət bildirən nazirlər Avropa Parlamentinin uydurma “erməni soyqırımı” barədə qətmanəsini sərt tənqid etdilər. Qeyd olundu ki, 100 il əvvəl baş vermiş həqiqətləri təhrif etmək Avropa Parlamenti üçün ləkədir. Daha yaxşı olardı ki, bu qurum 23 il əvvəl Ermənistan dövlətinin Azərbaycanda törətdiyi Xocalı soyqırımını tanısın.
İki ölkənin əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında əməkdaşlıq əlaqələrin yüksək səviyyədə olduğunu bildirən tərəflər qeyd etdilər ki, bu sahədəki Birgə daimi komissiyanın fəaliyyəti ölkələrimizin və xalqlarımızın maraqlarımı tam təmin edir.
Xatırladaq ki, aprelin 16-da Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara