Ağcabədi, 17 aprel, AZƏRTAC
Ağcabədidə 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanıldığı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, ilin üç ayında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 49001,7 min manat olub. Bu, əvvəlki illə müqayisədə 12,5 faiz çoxdur. Bu dövrdə 4491,3 min manatlıq sənaye, 16678,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 9846,6 min manat investisiya yönəldilib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 2,6 faiz, kənd təsərrüfatı istehsalı 10,6 faiz, əsas kapitala yönəldilən investisiyalar 8 faiz artıb. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun xətti ilə rüb ərzində 60 sahibkara kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 743.300 manat güzəştli kreditlər verilib ki, nəticədə 135 yeni iş yeri yaradılıb.
Məlumat verilib ki, hesabat dövründə Ağcabədi şəhərində geniş abadlıq işləri aparılıb. Heydər Əliyev adına meydana 900 kvadratmetr tamet döşənib, iki ədəd giriş qapısı inşa edilib. Rayonun Ağdam istiqamətində geniş abadlıq-quruculuq işləri aparılıb. “1941-1945” abidə kompleksi və Şəhidlər Xiyabanında yenidənqurma və bərpa işlərinə başlanılıb. Hazırda Olimpiya İdman Kompleksinin inşası davam etdirilir, şəhər 4 saylı uşaq bağçasının tikintisində son tamamlama işləri görülür.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin, aqrar sahənin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldüyü diqqətə çatdırılıb.
Çıxışlarda nailiyyətlərlə yanaşı, mövcud problemlərdən də bəhs edilib, onların həlli yolları müzakirə edilib.
