Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov İranın Hilal Əhmər Cəmiyyətinin baş katibinin müavini Seyid Rza Rəisi Kərəmi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə hər iki qurum arasında əməkdaşlığın mövcud vəziyyətindən və perspektivlərindən, Azərbaycan-İran əlaqələrindən danışılıb.
Novruzəli Aslanov bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə İranın Hilal Əhmər Cəmiyyəti arasında uzun illərdir əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq ənənəvi şəkildə davam edir. Hilal Əhmər Cəmiyyəti vaxtilə qaçqın və məcburi köçkünlər üçün çadır şəhərciyinin salınmasında ölkəmizə yardım edib. Qızıl Aypara Cəmiyyəti Hilal Əhmər Cəmiyyəti tərəfindən gələn təkliflərə, layihələrə müsbət cavablar verib. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür şərait var.
Azərbaycan ilə İran arasında dostluq əlaqələrindən danışan N.Aslanov ölkələrimizi birləşdirən bir çox amillərin olduğunu söyləyib.
Görüşdə iranlı qonağa AzQAC-ın tarixi, fəaliyyəti və keçdiyi inkişaf yolu barədə məlumat verilib. Qeyd edilib ki, Cəmiyyət Azərbaycan Xalq Cümhuriyyəti, sovet hakimiyyəti dövründə və ölkəmizin müstəqilliyinin bərpasından sonra insanların sosial problemlərinin həllinə öz töhfələrini verib. N.Aslanov müstəqillik dövründə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərilən diqqət və qayğıdan da danışıb. Qeyd edilib ki, məhz Ümummilli Liderin diqqət və qayğısının nəticəsində Milli Məclisdə 1994-cü il noyabrın 25-də “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq” haqqında qərar qəbul olunub.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Seyid Rza Rəisi Kərəmi deyib ki, xalqlarımız arasındakı dini, mədəni, tarixi əlaqələr dərin köklərə əsaslanır. O, Hilal Əhmər Cəmiyyəti ilə Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib və bu imkanlardan tam istifadə ediləcəyinə əminliyini bildirib. Seyid Rza Rəisi Kərəmi təmsil etdiyi təşkilatın fəaliyyəti barədə də məlumat verib.