Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ) təşkilati dəstəyi ilə “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsinin həyata keçirilməsinə başlanıb.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi “Bakı-2015”in təbliğat kampaniyasına töhfə vermək, istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq, gənc rəssamları həvəsləndirməkdir.
Layihə çərçivəsində Avropa Oyunlarına həsr olunmuş rəsm işlərindən ibarət sərgi və müsabiqə keçiriləcək. Gənc rəssamlar ilk Avropa Oyunlarını və Bakının gözəlliyini təsvir etməklə bu mötəbər idman tədbirini dəstəklədiklərini göstərəcəklər. Ən yaxşı əsərlərin müəllifləri diplom və qiymətli hədiyyələrlə təltif olunacaq.
Layihəyə qatılmaq istəyənlər əsərlərini mayın 10-dək ATGTİ-nin qərargahına (Bakı, 28 May küçəsi, 9/13; Tel: 012 493-96-24) təqdim edə bilərlər.