Bakı, 16 aprel, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin ünvanına Hindistanın Elm və Texnologiya Mərkəzinin məktubu daxil olub.
Elmi İnnovasiyalar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, inkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı (RTF-DCS) üzrə 2015-2016-cı illər üçün elan olunan müsabiqədə Azərbaycan alimlərinin iştirakı təklif olunur.
Hindistanın Elm və Texnologiya Mərkəzinin təşəbbüsü ilə keçirilən RTF-DCS Proqramı bu ölkə hökumətinin Elm və Texnologiya Nazirliyinin elm və texnologiya departamenti tərəfindən maliyyələşdirilir.
Əlli nəfərin iştirakı ilə altı ay müddətinə nəzərdə tutulan bu proqram kənd təsərrüfatı, biologiya və tibb elmləri, kimya elmləri, fizika-riyaziyyat elmləri, yer elmləri, texnika elmləri, materiallar, minerallar və metallurgiya, multidisplinar və digər sahələr üzrə həyata keçiriləcək.
Müsabiqədə yaşı 40-dək olan aspirantlar, elmi işçilər, mühəndislər, texnoloqlar iştirak edə bilərlər.
İştirakçının ərizəsi iyunun 15-dək online təqdim olunmalıdır.
Tam məlumatı http://innovasiya.az/ saytının Azərbaycan və ingilis versiyasından əldə edə etmək olar.