Bakı, 16 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə bölgələrdə yanğına qarşı təbliğat xarakterli tədbirlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə tədbirlərdən biri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl aqroservis filialında keçirilib. Tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib. Həmçinin texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlılığı yoxlanılıb, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.
Tədbirdə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar və yaddaş kitabçaları paylanıb.