Bakı, 16 aprel, AZƏRTAC
İŞİD qruplaşması İraqın şimalındakı Bayci şəhərində yerləşən ən iri neftayırma zavodunun ərazisinə daxil ola bilib. Yaraqlıların zavodun bir neçə qurğusunu ələ keçirdiyi və qüvvələrini anbar ərazisində cəmlədiyi bildirilir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Bayci şəhərindəki zavod keçən ilin iyun ayından etibarən İŞİD-in hədəfində idi. Hökumət qüvvələri o zaman “Beynəlxalq koalisiya” təyyarələrinin qruplaşmanın mövqelərinə endirdikləri hava zərbələri nəticəsində hücumların qarşısını ala bilmişdilər. Daha sonra bu istiqamətdə güclərini artıran yaraqlılar müəssisənin mühasirəsini bərpa edərək hökumət qüvvələrini sıxışdırmağa nail olublar.
İŞİD, həmçinin İraqın qərbində yerləşən Ənbar əyalətində də təhlükəsizlik qüvvələrini geri çəkilməyə məcbur edib. Ordu hissələrinin Əbu-Hanim yaşayış məntəqəsi yaxınlığında məğlubiyyətindən sonra bölgədə yaşayan yerli əhali ərazini kütləvi şəkildə tərk etməyə başlayıb.