Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 23-24-də İsveçrənin Lüsern şəhərində dördüncü “Lüsern Dünya Turizm Forumu” keçiriləcək. Forumda Mədəniyyət və Turizm Nazirliyi tərəfdaş qismində iştirak edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi layihənin 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan Respublikası olacaqdır. Forumda ölkəmizin qonaq qismində iştirakı, onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq.
Müxtəlif mövzularda seminarların keçiriləcəyi forumda 60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin, mütəxəssislərin və icraedicilərin iştirakı planlaşdırılır.