Tərtər, 16 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu Tərtər rayonunda böyük rəğbətlə qarşılanıb. Rayonda ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması məqsədilə keçirilən aksiyalarda gənclər həvəslə iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, aprelin 15-də Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı Gənclər Birliyi, rayon icra hakimiyyəti və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən növbəti aksiyada 200-dən çox gənc iştirak edib. İməcilik zamanı Tərtər-Gəncə avtomobil yolunun kənarına 700 ədəd Şərq çinarı və şam, ərik ağacları əkilib. Ağacların inkişafı üçün əraziyə gübrə verilib və abadlıq işləri aparılıb. Yeni əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

