Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) uzun illər bu ali məktəbdə çalışmış pedaqoq, görkəmli alim Cəfər Cəfərovun anadan olmasının 110 illiyinə həsr edilən “dəyirmi masa” keçirilib.
ADU-da AZƏRTAC-a bildiriblər ki, universitetin ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli C.Cəfərovun yaradıcılığı və pedaqoji fəaliyyəti haqqında danışıb. Alimin elmi-metodiki, tərcüməçilik və leksikoqrafik istiqamətdə gördüyü işlərdən bəhs edilib. F.Veysəlli C. Cəfərovun pedaqoq kimi tələbələrinə nümunə olduğunu, alimin yetirmələrinin onun adını daim uca tutduqlarını, müəllimləri ilə fəxr etdiklərini bildirib.
Qeyd edilib ki, C.Cəfərov 1904-cü ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mühəndislik fakültəsinə daxil olub, lakin müəyyən səbəblərdən təhsilini Almaniyada davam etdirib. O, 1922-ci ildə Almaniyanın Berlin Universitetinin nəzdində fəaliyyət göstərən Alman Dilinin Tədrisi İnstitutuna daxil olub, burada təhsilini bitirdikdən sonra Berlin Kommersiya İnstitutunda təhsilini davam etdirib. 1941-1943-cü illərdə alman faşizminə qarşı müharibədə iştirak edib. 1948-ci ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun praktik alman dili kafedrasında baş müəllim, 1948-ci ildə alman dili fakültəsinin dekanı, 1949-1972-ci illər alman dilinin fonetikası kafedrasının müdiri vəzifələrində çalışıb. Fonetikanın nəzəri və metodiki mövzularında 22 məqaləsi dərc olunub, respublikanın orta və ali təhsil müəssisələri üçün alman dili üzrə dərsliklərin həmmüəlifi, “Almanca-Azərbaycanca lüğət”in redaktoru və həmmüəllifi, çoxlu sayda tərcümələrin müəllifidir.
1956-cı ildə institutda texniki vasitələrin tədrisi laboratoriyası, 1950-ci ildə isə onun təşəbbüsü ilə xarici dillərin fonetikası kafedrası yaradılıb. İnstitutun ictimai həyatında fəal iştirak edən C.Cəfərov dilmanclıq fəaliyyəti ilə də məşğul olub. O, bilik və bacarıqlarını əsirgəmədən gənclərə aşılayan böyük alim ordusu yetişdirib.
Əmək və müharibə veteranı C.Cəfərov “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif olunub, əməkdar müəllim fəxri adına layiq görülüb.
Daha sonra “dəyirmi masa” iştirakçıları görkəmli alim haqqında fikirlərini söyləyib, xatirələrini bölüşüblər.