Bakı, 15 aprel, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği” layihəsi çərçivəsində növbəti tədbirini aprelin 15-də Binəqədi rayonunda keçirib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək uğurla həyata keçirildiyini bildirib. Qeyd edilib ki, layihə çərçivəsində Şəmkir, Qəbələ və Salyanda yüzlərlə gəncin iştirakı ilə konfranslar keçirilib, azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı müxtəlif müsabiqələr elan edilib.
Digər çıxışlarda da ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında gənclərin üzərinə düşən vəzifələrdən, onların milli vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən danışılıb.
Sonda müzakirələr aparılıb və tədbir iştirakçılarına TUMİB-in diplomları təqdim olunub.