Milli.Az millimizin futbolçusu, Türkiyənin “Karşıyaka” klubundan ayrılan Mahir Şükürovun apasport.az saytına müsahibəsini təqdim edir.
- “Karşıyaka” ilə yollarınızı artıq ayırmısınız?
- Bəli, müqaviləmi birtərəfli pozdum və hazırda şəxşi işlərimlə əlaqədar Almaniyadayam. Bir neçə gündən sonra Bakıya gələcəm.
- Klubla müqavilənizin müddəti mövsümün sonuna qədər idi. Müqaviləni ləğv etmək sizə problem yaratmayacaq?
- Xeyr. Heç bir problem olmayacaq. 6 ay idi maaşımı vermirdilər, mən də Türkiyə Futbol Federasiyasına müraciət etmişdim. Federasiya kluba ötən həftənin cümə gününə qədər vaxt vermişdi. Həmin vaxta qədər pulumun hamısını verməli idilər. Əks təqdirdə, anlaşmam qüvvədən düşəcəkdi. Onlar da pulumu vermədilər, ordan ayrıldım.
- Transfer vərəqənizi artıq almısınız?
- Bəli. Vəkilim vərəqəmi özümə verib. Həftənin birinci günü kluba rəsmi şəkildə məlumat verilib ki, Mahir Şükürov azaddı. Onlar da bunu qəbul ediblər.
- “Karşıyaka” FİFA-ya şikayət etməyə hazırlaşır...
- Nə şikayəti edə bilərlər? Hara istəyirlər şikayət etsinlər. Mən azad futbolçuyam.
- Nə şikayəti edə bilərlər? Hara istəyirlər şikayət etsinlər. Mən azad futbolçuyam.
- Probleminiz millidən klubun düşərgəsinə gec qayıtmağınızla bağlı idi, yoxsa başqa səbəblər də var?
- Bilirsiniz, maaşımı vermirdilər. Mən də demişdim ki, pulu verməsəniz, Türkiyəyə qayıtmayacam. Buna görə mənimlə münasibət pozuldu. Çox yalan danışdılar, boş vədlər verdilər. Bir işçinin maaşını vermirsənsə, ondan necə can yandırmağı tələb edə bilərsən? Klub rəhbərliyi azarkeşlərə müraciət edib ki, pulumuz yoxdu, komandaya maddi yardım edin. Belə klub olar? Pulları yoxdu da. Buna görə qalmağa dəyməzdi.
- Klubun pulu yoxdusa, bəs sizə olan borcunu necə ödəyəcək?
- Klubun, onsuz da, cəriməsi və cəzası var. Oyunçu transfer edə bilməzlər. Məndən əvvəl qapıçımız Loria da federasiyaya müraciət etmişdi. O da mənim kimi müqaviləsini pozmuşdu. Məndən əlavə komandanın yarısı pul gözləyir. Pulumun hamısını onlardan alacam.
- Ayhan Akman oyununuzdan narazılıq etmişdi və sizi intizamsızlıqda günahlandırmışdı...
- Oyunumdan necə razı olmaya bilər ki, o, gələndən sonra ardıcıl 2 görüşdə 90 dəqiqə meydanda olmuşam. Yaxşı oynamırdımsa, niyə meydana buraxırdın? Nə oldu, Yusuf Şimşək məndən razıdı, azarkeşlər, klub prezidenti razıdı, sən gələn kimi iki oyundan sonra narazı qaldın?
- Onunla aranızda nəsə baş vermişdi?
- Aramızda mübahisə yaranmışdı, ona görə mənə qarşı belə davranırdı. Dedim ki, sənin rəhbərliyin altında oynamaq istəmirəm. Durub deyib ki, futbolçunun maaş alıb-almadığı məni maraqlandırmır. Necə məşqçisən, futbolçu sənə necə güvənə bilər? Futbolçunun meydançada can qoymağını istəyirsənsə, ona lazımi şəraiti yaratmalısan. Yüksək əhvali-ruhiyyədə olmağımızı istəsəydi, maaşımızı almağımıza kömək olardı. Sabah zədələnsəm, arxamda dayanacaq? Mən də bunları gözə alıb oynamadım. Nəyimə lazımdı, onsuz da bir ayım qalmışdı. Məşqçi futbolçusu ilə maraqlanmırsa, ona dəstək olmursa, onun komandasından ötrü can yandırmağa dəyməz. 22 yaşım yoxdu ki, zədələndikdən sonra bir il gözləyib karyeramı davam etdirim. Ayhan Akman kişi idisə, gecikdiyim vaxt çağırıb otağına sözünü üzümə deyərdi. Bir maraqlan gör niyə gecikmişəm də. Sözünü deyə bilmirsən, menecer vasitəsilə xəbər göndərirsən. Bu adam peşəkar məşqçi deyil.
- “Karşıyaka”da əsas heyətdən kənarlaşdırıldıqdan sonra aşağı yaş qrupu komandasında məşq etdiyiniz yazılırdı...
- Xeyr, ordan ayrıldıqdan sonra heç bazaya getməmişəm. Mətbuatda yazmışdılar ki, guya U-19-la birlikdə məşq edirəm. Yalan xəbərdi. Özüm ayrıca öz proqramımla məşq etmişəm. Mətbuatda çox şey yazıldı mənim barəmdə. Hətta qovulduğumu da yazan olmuşdu. Heç kim məni qova bilməz.
Milli.Az
Milli.Az