Bakı, 15 aprel, AZƏRTAC
ABŞ-ın Los-Anceles şəhərində keçirilən sərbəst güləş üzrə dünya kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığma komandanın məşqçiləri və idmançılar yarış haqqında təəssüratlarını bölüşüblər.
Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absaidov qazanılan nəticənin uğurlu olduğunu bildirib. Qeyd edib ki, biz dünya kubokunda əsas favoritlərdən sayılırdıq. Məqsədimiz yarışdan qızıl medalla qayıtmaq idi. Lakin bu, baş tutmadı və nəticədə biz bürünc medal qazandıq. Düşünürəm ki, bu da uğurlu nəticədir. Bu yarışı qarşıdan gələn Avropa Oyunlarına bir növ hazırlıq kimi də qiymətləndirmək olar. Dünya Kubokunda buraxılan səhvləri təhlil edib bunun üzərində çalışacağıq. İnanıram ki, Avropa Oyunlarında qazanacağımız qələbələrlə azarkeşlərimizi çox sevindirəcəyik.
Yığma komandanın böyük məşqçisi Firdovsi Umudov da idmançılarımızın çıxışını qənaətbəxş hesab edib. Vurğulayıb ki, komandamız yaxşı hazırlaşmışdı. Çox güclü komandalar içərisində yığmamız ilk üçlükdə yer aldı və bürünc medal qazandı. Bu da ölkəmizin növbəti uğuru, dövlətimizin başçısının idmanın inkişafına və idmançılara göstərdiyi diqqət və qayğının təzahürüdür. İdmançılarımız hər zaman dünya miqyaslı yarışlarda öz sözlərini deyirlər. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, məşqçilər korpusunun istəyinə uyğun olaraq, idmançılarımızın mühitə uyğunlaşması məqsədilə yarışdan bir həftə əvvəl Los-Ancelesə səfər üçün şərait yaratdı.
Qarşıya böyük hədəfin durduğunu vurğulayan F.Umudov bildirib ki, bizi güclü yarışlar gözləyir. Bir neçə gün sonra başlayacaq təlim-məşq toplanışlarında qüsurları aradan qaldırmaq üçün çalışacağıq. Məşqlərdə hər zaman olduğu kimi, bu dəfə də ümumi və xüsusi fiziki hazırlıq, nizam-intizam məsələlərinə diqqət ayıracağıq. İyunda ilk dəfə keçiriləcək Avropa Oyunlarında və sentyabrda Las-Veqasda keçiriləcək lisenziya xarakterli dünya çempionatında uğurla çıxış edib bütün güləş həvəskarlarını və Azərbaycan ictimaiyyətini sevindirəcəyik.
Dünya kuboku yarışlarında keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran, İran yığması ilə görüşdə ikiqat dünya çempionu Reza Yazdanini məğlub edən Olimpiya çempionu Şərif Şərifov yarışa çox ciddi hazırlaşdıqlarını qeyd edərək deyib: “Qızıl medal qazanacağımıza çox inanırdıq. Lakin İran komandası ilə görüşdə bəzi güləşçilərimiz zədələndi və biz bürünc medalla kifayətlənməli olduq. Ancaq həvəsdən düşmək lazım deyil. Çünki bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Bakıda keçiriləcək Avropa Oyunlarında və dünya çempionatında tək hədəfimiz qızıl medallar olacaq.
Sərbəst güləş üzrə dünya kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycanın sərbəst güləşçiləri iki dəfə - 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olub. Komandamız 2012-ci ildə ikinci, 2010-cu, 2011-ci və 2015-ci illərdə isə üçüncü yerdə qərarlaşıb.
