Berlin, 15 aprel, AZƏRTAC
Almaniyanın dpa agentliyinin verdiyi məlumata görə, bu ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiyanın dünyanın sənaye cəhətdən ən çox inkişaf etmiş ölkələri qrupuna (G7) qayıtmasını Ukraynada münaqişənin tənzimlənməsi ilə əlaqələndirib. Almaniyalı nazir bu barədə çərşənbə axşamı Lyubekdə “Yeddilər qrupu” ölkələrinin XİN rəhbərlərinin görüşündən əvvəl bəyanat verib.
Ştaynmayerin fikrincə, Suriyada və ya İran ətrafında yaranmış münaqişələr kimi beynəlxalq mübahisələrin tənzimlənməsi üçün Rusiya tərəfinin iştirakı çox zəruridir. Lakin Moskva özü də “Səkkizlər qrupu”na qayıtmaq “şərtləri” üzərində işləməlidir.
Ştaynmayer elə həmin gün məktəblilərlə görüşündə Krım ətrafında gedən hadisələri təsvir edərək deyib: “Bu, beynəlxalq hüquqa münasibətdə elə bir etinasızlıqdır ki, biz bu səhifəni, guya heç nə olmayıbmış kimi, sadəcə çevirə bilmərik”.
Təəssüf ki, AFR XİN başçısı Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən de-fakto ilhaq edilməsi barədə heç vaxt buna oxşar sözlər deməyib. Bu isə Avropa İttifaqında ikili standartlar hökm sürməsini yalnız təsdiq edir.
Ştaynmayer sonda deyib: “Ümumiyyətlə, mən Rusiyanın uzun müddət təcrid edilməsini istəməzdim. Mən əminəm ki, Rusiya G8 qrupuna qayıdanda beynəlxalq səviyyədə işləmək üçün şəraiti yaxşılaşdıra biləcəyik”.
“G7” ölkələrinin xarici işlər nazirlərinin görüşü aprelin 14-də axşam vaxtı Lyubekdə başlanıb. Görüşdən əvvəl şəhərin mərkəzində bir neçə yüz nəfər toplaşaraq kapitalizmə, müharibəyə, irqçiliyə və Aİ ilə ABŞ arasında sərbəst ticarət haqqında sazişə etiraz nümayişi keçiriblər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin