Mingəçevir, 15 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə Mingəçevir şəhərində təhsil, səhiyyə və mədəniyyət ocaqlarında Böyük Vətən müharibəsi veteranları ilə görüşlər keçirilir, “dəyirmi masa”lar təşkil olunur.
AZƏRTAC xəbər verir ki, aprelin 15-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müharibə veteranları ilə fərdi qaydada öz evlərində görüşərək, onların səhhəti, qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, 1941-1945-ci illər müharibəsindən sonra yenicə formalaşmağa başlayan Mingəçevir şəhərində 800-dən çox Böyük Vətən müharibəsi iştirakçısı var idi, hazırda isə energetiklər şəhərində 10 nəfər müharibə iştirakçısı yaşayır.
Müharibə veteranları dövlətimizin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından, Prezident İlham Əliyevin müharibə iştirakçılarına birdəfəlik müavinətin verilməsi barədə Sərəncamından minnətdarlıqla söz açıblar.
N.Bayramov onların qəhrəmanlıqlarının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, veteranların və ailə üzvlərinin problemlərinin həllinə kömək göstəriləcəyini bildirib.
Mingəçevirdə yaşayan 10 nəfər müharibə iştirakçısına şəhər icra hakimiyyəti tərəfindən ərzaq bağlamaları təqdim olunub.

