Bakı, 14 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) ölkəmizdə səfərdə olan Xəzər Strateji İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru Elmar Qasımov Bakı Ali Neft Məktəbinin beynəlxalq əlaqələri, dünyanın bir çox tanınmış şirkət və universitetləri ilə əməkdaşlığı barədə qonaqlara məlumat verib. Rektor Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən də söz açıb.
Xəzər Strateji İnstitutu Ali Məşvərət Şurasının üzvü, diplomat Halil Akıncı yenidən Azərbaycana gəlişindən və BANM ilə tanışlığından məmnunluğunu ifadə edib. O, təmsil etdiyi qurumun başlıca məqsədinın Xəzər regionu ilə bağlı müstəqil araşdırma və tədqiqatların aparılması, həmçinin strateji və yeni təkliflərin irəli sürülməsi olduğunu bildirib. H.Akıncı institutun fəaliyyəti və hədəfləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Görüşdə əməkdaşlıq imkanları, Xəzər Strateji İnstitutunun nəşr etdirdyi müxtəlif tədqiqat materialları, həmçinin gələcəkdə seminar, təlim və praktik kursların təşkili barədə müzakirələr aparılıb.
Sonda qonaqlar müəllim və tələbələrin suallarını cavablandırıblar.