Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin tələbə həmkarlar ittifaqı komitəsinin (THİK) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə birgə təşkil etdiyi, “Həyatınızı külə yox, gülə döndərin” mövzusunda maarifləndirici tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir tütün və narkomaniyanın zərərlərinə həsr olunub.
Tədbirdə THİK sədrinin müavini Azərpaşa Hüseynli, İSİM-in həkim-metodisti Vəfa Ağayeva bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını söyləyiblər. Bildirilib ki, narkomaniya birbaşa gələcəyimizi məhv etməyə yönəlib və onun qarşısını almaq üçün mütəmadi maarifləndirici tədbirlər keçirilməlidir.
Sonra V.Ağayeva narkomaniyanın insan həyatına vurduğu dağıdıcı zərərlər barədə təqdimatla çıxış edib, gənclərin suallarını cavablandırıb.