Bakı, 14 aprel, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində idmanın boks və güləş növləri üzrə sınaq yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri aprelin 15-dən 19-dək “Baku Crystal Hall”da keçiriləcək. Avropa Oyunları zamanı idmanın bu növü üzrə yarışlar məhz elə bu məkanda təşkil olunacaq. Birinci Avropa Oyunlarının boks yarışlarını 4 min tamaşaçı izləyə biləcək. Bu məkan “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edib.
Azərbaycan Boks Federasiyasının “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə birgə təşkil etdiyi turnirdə kişilər 10, qadınlar isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar. Yarışda 14 komandadan 90 boksçunun iştirakı gözlənilir.
Azərbaycan Güləş Federasiyası Kuboku uğrunda yeniyetmə və gənclər arasında sərbəst və Yunan-Roma güləş üzrə beynəlxalq turnir aprelin 16-19-da təmir-bərpa işlərindən sonra istifadəyə verilən Heydər Əliyev Arenasında təşkil olunacaq. Azərbaycan Güləş Federasiyası və “Bakı-2015”in birgə keçirəcəyi turnirdə 400 idmançı birincilik uğrunda mübarizə aparacaq.
“Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru Gevin Makalpayn bildirib ki, sınaq yarışları Oyunlara hazırlığın qiymətləndirilməsi üçün gözəl imkandır. Yarışların yüksək səviyyədə təşkili “Bakı-2015” ilə bağlı Azərbaycan və bütün Avropa ictimaiyyətinin ümidlərinin doğrulmasına xidmət edəcək.
“Bakı-2015”in idman şöbəsinin direktoru Pirs Okallahan deyib: “Bu həftə ərzində Avropa Oyunlarının keçiriləcəyi iki məkanın açılışı olacaq və tamaşaçılar iyunda onlar üçün təşkil ediləcək şəraitlə tanışlıq imkanı qazanacaqlar. Boks və güləş yarışları Olimpiya idman proqramının əsas sütunlarıdır. Buna görə də sınaq yarışları beynəlxalq səviyyəli tədbirə hazırlıq baxımından mükəmməl imkandır”.
Sınaq yarışlarını izləyəcək tamaşaçılar biletlərin üzərində göstərilmiş məkanlara gedən və qayıdan xüsusi avtobuslardan pulsuz istifadə edəcəklər. Bu fürsətdən tamaşaçılar eyni qaydada Oyunlar zamanı da yararlana biləcəklər.
Boks sınaq yarışı üçün nəzərdə tutulmuş avtobuslar aprelin 15-19-da saat 07:00-dan 01:00-dək metronun “28 May” stansiyası - “Baku Crystall Hall” istiqamətində hərəkət edəcək. Güləş sınaq yarışı üçün nəzərdə tutulmuş avtobuslar isə aprelin 16-19-da saat 06:00-dan 00:00-dək metronun “Nizami” stansiyası - Heydər Əliyev Arenası marşrutu üzrə hərəkətdə olacaq.