Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2015-ci il 23 fevral tarixli Sərəncamının icrası çərçivəsində müharibə iştirakçısı Çingiz Ələkbərovla görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin prorektoru, professor Ələddin Əliyev bu il 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin tamam olduğunu xatırladıb, bu müharibə, onun acı nəticələri barədə qısa məlumat verib. Prorektor Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən qələbənin yubileyinin respublika səviyyəsində qeyd edildiyini vurğulayıb. O dövrdə çoxlu insanın qəhrəmanlıqlar göstərərək həlak olduğunu bildirən Ə.Əliyev müharibə iştirakçılarından çox az sayda insanın hazırda həyatda olduğunu qeyd edib. Qonağı tələbələrə təqdim edən prorektor Ç.Ələkbərovun gənclərə örnək olduğunu söyləyib.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu gəncləri qəhrəmanlardan nümunə götürməyə, vətənin müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizəyə qoşulmağa çağırıb.
Sonda Ç.Ələkbərov keçdiyi döyüş yolundan danışıb, müharibə ilə bağlı xatirələrini bölüşüb. Məhrumiyyətlərlə dolu 1941-1945-ci illər müharibəsini tarixin qara səhifəsi adlandıran veteran gənclərə Vətəni sevməyi, onun uğrunda hər cür fədakarlığa hazır olmağı tövsiyə edib.
Görüş müzakirələrlə yekunlaşıb.
