Bakı, 14 aprel, AZƏRTAC
2015-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3938,8 milyon manat, xərcləri 4198,8 milyon manat olub, 251,0 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birinci rübdə dövlət büdcəsinin mədaxili 3900,8 milyon manat proqnoza qarşı 3938,8 milyon manat və yaxud 1,0 faiz çox olub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,6 faiz icra edilməklə dövlət büdcəsinə 1594,8 milyon manat vəsait təmin edilib. Həmin vəsaitin 69,5 faizi və yaxud 1051,6 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 4,6 faiz-bənd çoxdur.
Yanvar-mart aylarında Dövlət Gömrük Komitəsi proqnoza 100,5 faiz əməl edərək büdcəyə 341,9 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz və yaxud 11,5 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 48,6 milyon manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 11,8 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon manat və yaxud 13,5 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1941,7 milyon manat vəsait transfert edilib.
Bu ilin üç ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9 faiz və yaxud 4189,8 milyon manat icra olunub.
İqtisadi təsnifata uyğun olaraq üç ayda dövlət büdcəsi xərclərinin 33,0 faizi və yaxud 1380,6 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz və yaxud 108,7 milyon manat çoxdur.
Funksional təsnifata uyğun olaraq 2015-ci ilin üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,2 faiz (96,5 milyon manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 13,0 faiz (7,7 milyon manat), səhiyyə xərclərinə 7,0 faiz (7,8 milyon manat), sosial müdafiə və sosial təminat xərclərinə 0,7 faiz (3,6 milyon manat) çox vəsait yönəldilib.
Birinci rübdə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 507,7 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 911,6 milyon manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 10,2 milyon manat vəsait sərf edilib.
2015-ci ilin üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Cari ilin birinci rübündə dövlət büdcəsində 251,0 milyon manat kəsir yaranıb ki, bu da mövcud qanunvericiliyə uyğun olaraq 2015-ci il yanvarın 1-i tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.
Cari ilin üç ayında icmal büdcənin gəlirləri 4367,2 milyon manat, icmal büdcənin xərcləri isə 4967,2 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon manat çoxdur.