Vyana, 14 aprel, Elgün Niftəliyev, AZƏRTAC
Vyanada ənənəvi 32-ci şəhər marafonu keçirilib. Marafonda dünyanın 100-dən artıq ölkəsindən 30 mindən çox peşəkar və həvəskar idmançı iştirak edib. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyinin nəzdindəki hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev də ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində marafona qatılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Avstriyadakı səfirliyindən bildiriblər.
Hər il olduğu kimi, bu il də marafon iştirakçılarını dəstəkləyən insanlar xoş məram nümayiş etdirərək “Make-A-Wish” xeyriyyə cəmiyyətinin hesabına pul vəsaiti köçürüblər.

 Peşəkar idmançılar arasında Efiopiya təmsilçisi Sisey Lemma marafonda 42,195 kilometrlik məsafəni 2 saat 7 dəqiqə 31 saniyəyə qət edərək 32-ci Vyana şəhər marafonunun qalibi olub.
Qadınlar arasında isə birinci yerə isveçrəli atlet Maya Noyenşvandner çıxıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana