Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı, Prezident yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda forumu işini başa çatdırıb.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Avropa Gənclər Forumunun, qitənin gənclər paytaxtı olmuş şəhərlərin yerləşdiyi ölkələrin - Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, Bolqarıstan və Gürcüstanın gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Bakıda və Gəncədə təşkil olunan Forum çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, müxtəlif mövzularda sessiyalar keçirilib, “Gəncə 2016 – Avropa Gənclər Paytaxtı” istiqamətində görülmüş işlər və həyata keçiriləcək tədbirlər müzakirə edilib.
Forum iştirakçıları “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin ofisində yaradılan şəraitlə tanış olub, bu mötəbər idman tədbiri barədə ətraflı məlumat alıblar.
İştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyində görüşlər təşkil olunub.
Görüşlərdə Azərbaycanda həyata keçirilən gənclər siyasəti, yerli və xarici gənclərin irəli sürdükləri layihələrin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Forumun Gəncədə keçirilən hissəsində şəhər icra hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev, ARGTMŞ-ın sədri Şahin Seyidzadə, Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, yerli gənclər təşkilatlarının rəhbərləri iştirakçılara “Gəncə 2016 – Avropa Gənclər Paytaxtı” istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, ARGTMŞ Gəncənin namizədliyi irəli sürüldüyü vaxtdan “Gəncə 2016 – Avropa Gənclər Paytaxtı”nın təşkilatı komitəsində təmsil olunub.
ARGTMŞ-ın təşkilatçılığı ilə beynəlxalq qurumlar və Avropa Gənclər Forumunun üzvü olan Gənclər Milli şuralarının nümayəndələrinin Gəncəyə iki dəfə səfəri təşkil edilib. Şura 2015-ci ildə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Belə ki, gələcək aylarda Avropa Gənclər Forumunun üzvlər məclisi Gəncədə təşkil olunacaq. Eyni zamanda, silsilə tədbir və kampaniyaların Gəncədə həyata keçirilməsini planlaşdırır.
