Astara, 13 aprel, AZƏRTAC
Astarada “Şahin” hərbi idman oyunları üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsi, təhsil, mədəniyyət və turizm şöbələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən və doqquz gün davam edən rayon birinciliyində ümumtəhsil məktəblərini təmsil edən 29 komandanın 434 nəfər üzvü qələbə uğrunda mübarzə aparıb.
Astara şəhər 3 nömrəli tam orta məktəbində keçirilən yarışların final mərhələsində birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq Şiyəkəran kənd 2, Astara şəhər 3 nömrəli və Siyaku kənd tam orta məktəblərin komandaları tutublar.
Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin komandası aprelin 21-22-də Cəlilabad rayonunda keçiriləcək zona yarışlarında Astara rayonunu təmsil etmək hüququ qazanıb.
Qaliblərə diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.