Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin əvvəlində Lozannada İran nüvə proqramı üzrə bir sıra razılaşmaların əldə olunmasına baxmayaraq, ümumi razılaşmanın əldə olunması üçün Tehran və "altılıq" ölkələrini təmsil edən beynəlxalq vasitəçələrin qarşıdakı danışıqları mürəkkəb olacaq. "Report"  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın prezidenti Həsən Ruhani bildirib. 
"Lozannada danışıqlar zamanı biz bəzi razılaşmalar əldə etdik və yekun müqavilə əldə olunana qədər çətin yolları qət etməliyik", - H.Ruhani İran parlamenti üzvləri ilə görüşdə qeyd edib. 
Aprelin əvvəlində Lozannada əldə olunan razılaşmalara əsasən İranın uranın zənginləşdirilməsi üzrə istehsal obyektlərinin üçdə ikisinin fəaliyyəti 10 il ərzində dayandırılacaq. Bundan başqa, İran bütün proqramlarını 25 il ərzində beynəlxalq nəzarətə təqdim etməlidir. "Altılıq" ölkələri və İran 30 iyuna qədər nüvə proqramı üzrə danışıqları ilə bağlı hazırlığı tamamlamaq niyyətindədir. Bununla bərabər Aİ əldə olunan razılıqların yerinə yetirilməsi zamanı İrana qarşı sanksiyaları aradan qaldıracaq.