Bakı, 13 aprel, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində Belarus Respublikasında “Azərbaycanda multikulturalizm” fənninin tədrisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 21-dən bu kurs Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin müvafiq ixtisasında təhsil alan 1-ci kurs tələbələrinə tədris olunur. Kursu M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universiteti Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Eleonora Hüseynova aparır.
Tədris kursu tələbələrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin mahiyyəti, onun xüsusiyyətləri və bu siyasətin XX əsrin sonu – XXI əsrin əvvəllərində uğurla həyata keçirilməsi haqqında elmi cəhətdən əsaslandırılmış, sistemli təsəvvür yaranmasına imkan verəcək.
“Azərbaycanda multikulturalizm” kursunu Belarus, Azərbaycan, Rusiya, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Liviya, Mozambik, Nigeriya, Koreya Respublikası və Türkiyə vətəndaşları olan tələbələr dinləyirlər.
Məşğələlər bütün yaz semestri ərzində keçiriləcək.