Qəbələ, 13 aprel, AZƏRTAC
Qəbələ rayonun Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” və “Kala Axsibay” bayramlarını təntənə ilə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsində təşkil olunan bayram mərasimində alban-udin dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək “Pasxa” bayramının mahiyyətindən, Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışıb, iştirakçıları bayram münasibətilə təbrik ediblər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyini, hər bir kəsin dini etiqad azadlığının təmin olunduğunu vurğulayıblar. Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılması yüksək qiymətləndirilib, Nic kilsəsinin bərpasının xalqımızın tolerantlığına gözəl nümunə olduğu qeyd edilib.
Kilsədə şamlar yandırılıb, dualar oxunub. Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udin xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub. Bayram tədbirində udin xalqının qədim ənənəsi canlandırılıb, udin dilində ifa olunan mahnılar, müxtəlif yeməklər və şirniyyatlarla bəzədilən süfrələr hamıda xoş əhval-ruhiyyə yaradıb. Bildirilib ki, böyük bayram mənasını verən “Kala Axsibay” 1836-cı ildə bir sıra səbəblərə görə Alban kilsəsinin bağlanmasından sonra rəsmi olaraq qeyd edilmirdi. Udinlər kilsəyə getmədən ibadətlərini evlərində ediblər. Keçmiş sovet dövründə də udinlərə öz bayramlarını qeyd etmək qadağan olunmuşdu. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə verilib. Artıq 10 ildir ki, onlar Azərbaycan dövlətinin yaratdığı bu şəraitdən bəhrələnərək öz müqəddəs bayramlarını qeyd edirlər. “Cotari“ alban kilsəsi (məbədi) Qəbələ rayonunun Nic qəsəbəsində tarixi baxımdan ən əhəmiyyətli abidələrdən biridir. Yeni təmir olunan bu məbəd müqəddəs Yeliseyin adını daşıyır.
Alban-udi xristian dini icmasının sədri Robert Mobilya məlumat verib ki, “Cotari” alban-udin kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. İsa peyğəmbərin həvarilərindən (apostol) olan müqəddəs Yeliseyin şərəfinə tikilən kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər dam ilə örtülmüş kiçik zəng qülləsindən ibarətdir. Kilsə dördkünc planda inşa edilib. Kilsənin tikintisində Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunub. Qəsəbədə daha iki qədim alban kilsəsi var. Nic tolerantlığın kiçik modeli hesab edilir. Qəsəbədə üç kilsə, iki məscid fəaliyyət göstərir. Altı min əhalisi olan kənddə 3700 udin yaşayır. Ümumilikdə isə Azərbaycanda 4000 udin yaşayır ki, onların da 300-ü Oğuz rayonunda və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.