Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 12-də Bakı şəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, iki gün ərzində yarmarkalarda rayonlardan gətirilmiş 600 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları satılıb. Qiymətlər bazarlardakından 25-30 faiz ucuz olub.
M.Hacıyev deyib ki, yarmarkalarda qiymətlər stabil olaraq qalır. Belə ki, qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 – 5,5 manata, quş əti 2,5 – 2,8 manata, kartof 65 - 90 qəpiyə, soğan 50 - 65 qəpiyə, kələm 65 - 80 qəpiyə, pomidor və xiyar 1,2 - 2 manata, alma 40 qəpik – 1 manata, armud 90 qəpik – 1,5 manata, yumurta 6 - 7 qəpiyə təklif olunub.
Qeyd edək ki, yarmarkalar Xətai rayonunda “Ukrayna dairəsi”nin və Bakı kinoteatrının yanı, Nəsimi rayonunda S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi, Yasamal rayonunda Akim Abbasov küçəsi, Nərimanov rayonunda Gənclik metrosunun yanı, Səbail rayonunda Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12, Binəqədi rayonunda Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığında təşkil olunur.