Bakı, 12 aprel, Əziz Məmmədov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, aprelin 11-də Milli Onkologiya Mərkəzində və “Monolit Plaza” otelində cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə I Azərbaycan-Alman-Türk konqresi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konqres çərçivəsində Azərbaycan həkimləri və rezidentlər üçün laporoskopik cərrahiyyə, endoskopiya, ümumi cərrahiyyə, radiologiya, endoskopik ultrasonoqrafiya üzrə treninqlər və ustad dərsləri keçirilir. Bu treninqlərdə həkimlərimiz təcrübəli alman və türk professorlarının rəhbərliyi altında cərrahiyyə, endoskopiya və radiodiaqnostika sahəsində yeni metodları mənimsəyirlər.
Avropanın tibb təhsili üzrə ixtisaslaşmış mərkəzləri Azərbaycanda ilk dəfə keçirilən bu konqresə CME sistemi üzrə 21 bal veriblər.
Bundan başqa, sabah bu konqreslə yanaşı, Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin I Konqresi keçiriləcək. Konqres çərçivəsində tələbələrin, rezidentlərin və gənc həkimlərin cərrahiyyənin, onkologiyanın, qastroenterologiyanın aktual problemlərinə həsr olunan məruzələrindən ibarət forum təşkil olunacaq. Forumun yekununa əsasən birinci yerin sahibi Almaniyanın universitet klinikalarından birinə bir aylıq yay təcrübəsinə, ikinci yerin sahibi Türkiyəyə təcrübəyə göndəriləcək, üçüncü yerin sahibinə xüsusi mükafat veriləcək.