Bakı, 11 aprel, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarında terror aktı həyata keçirməyə hazırlaşan gənc saxlanılıb. 20 yaşlı Con Bukker dinamitlə dolu avtomobili İŞİD qruplaşması adından Kanzas ştatındakı hərbi bazanın darvazası qarşısında partlatmağa hazırlaşırmış.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Con Bukkerə amerikalı hərbçilərə hücum planı hazırlamaq barədə ittiham irəli sürülüb.
ABŞ-ın Ədliyyə Nazirliyində şübhəlinin aprelin 10-da Kanzas ştatının Manhattan şəhərciyində saxlanıldığı bildirilir. Axtarış zamanı ondan partlayışa hazır olmayan bomba aşkarlanıb.
Cavan oğlanın hücumun hədəfi kimi Kanzas ştatının qərbindəki Fort-Rili hərbi bazasını seçdiyi qeyd olunur.