Bakı, 11 aprel, AZƏRTAC
Dünya Bankının nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, müəllim və tələbələrlə görüşdə Dünya Bankının regional meneceri Larisa Leşinka, bankın Bakı ofisinin rəhbəri Səidə Bağırova, əməliyyatlar üzrə baş mütəxəssis Rufiz Çıraqzadə və Maliyyə Korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova çıxış edərək 2015-2020-ci illərdə bankın Azərbaycan ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan layihələri barədə danışıblar. Məruzələrdə illər üzrə ölkənin Ümumi Daxili Məhsul və iqtisadi inkişaf dinamikası, adambaşına düşən gəlirlərin statistikası, milli bazarın konyunkturası barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırkı inkişaf dinamikası Azərbaycanın iqtisadi siyasətinin düzgün istiqamət götürdüyünü və yaxın gələcəkdə də nəzərəçarpan nəticələrin əldə olunacağını göstərir.
İnteraktiv diskusiya şəklində keçən görüşdə dayanıqlı iqtisadi inkişafın təmini üçün lazımi alətlərin icrasından söhbət açılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.