Bakı, 11 aprel, Gülnar Bəşirova, AZƏRTAC
Ötən gecə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edən “British Airways” şirkətinin təyyarəsinin sərnişinlərindən 36 nəfəri “Lufthansa” şirkətinin təyyarəsi ilə bu gün Londona yola salınıb.
Bunu AZƏRTAC-a “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli deyib.
Məhərrəm Səfərli bildirib ki, həmin sərnişinlərdən 20 nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsus otelə yerləşdirilib. Digər sərnişinlər də Bakı şəhərindədir və bu gün axşam saatlarında Londona yola salınacaqlar.
Qeyd edək ki, “British Airways” şirkətinin Bakıdan Londona uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Aprelin 10-da Bakıdan Londona uçan “British Airways” şirkətinə məxsus “Aerobus-321” tipli təyyarə 21:19-da havaya qalxıb. Uçuşdan 11 dəqiqə sonra gəmi kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun dispetçer xidməti ilə əlaqə saxlayaraq təyyarənin iki mühərrikindən birində yanğın baş verdiyini bildirib və Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edəcəyi barədə xəbər verib. Saat 21:46-da “Aerobus-321” hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Təyyarənin göyərtəsində olan 92 sərnişin və heyət üzvlərindən heç kəs xəsarət almayıb.