Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Universitetini “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nda “AU-1” komandası təmsil edəcək.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Olimpiadada ilk dəfə iştirak edən Azərbaycan Universiteti yarışmada kompyuter mühəndisliyi və kompyuter elmləri ixtisası üzrə təhsil alan tələbələrdən ibarət dörd komanda ilə təmsil olunub. Tələbələr olimpiadaya riyaziyyat və informatika kafedrasının baş müəllimi Asif Paşayevin rəhbərliyi ilə hazırlaşıblar.
Olimpiadanın II mərhələsi aprelin 26-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Müsabiqənin şərtlərinə əsasən finalda hər universitetin ən yaxşı nəticə göstərən bir komandası iştirak edəcək.