İŞİD terror qriplaşması Amerika Birləşmiş Ştatları (ABŞ) tarixində ən böyük terror hadisəsi kimi xatırlanan “11 sentyabr faciəsi”ni təkrarlayacağına söz verib.

ANS PRESS-in məlumatına görə, bu barədə radikal islamçı fəalların monitorinqini aparan “SITE Inteligence Group” təşkilatı xəbər yayıb.

Təşkilatın “tvitter” səhifəsində bildirilir ki, terrorçular açıq-aşkar ABŞ-a qarşı hədə ilə çıxış edirlər.

“Biz 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilən terror aktlarını təkrarlayacağıq. Bunun üçün biz oraya içərisi partlayıcı maddələrlə dolduğurulmuş maşınlar, intiharçı adamlarımızı göndərəcəyik” – deyə İŞİD üzvləri bildirib.

Xatırladaq ki, 2001-ci il 11 sentyabr tarixində “Əl-Qaidə” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam ölüb.
Mənbə
ANS PRESS