Bir həftə əvvəl İranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələri arasında ciddi razılıq əldə olunmasını bayram kimi qarşılandığı halda, çox az keçməmiş vəziyyət dəyişib. Həmin ab-havadan əsər-əlamət qalmayıb. Ölkənin sadə sakinlərin tutmuş Ali dini liderinə qədər hər kəsin bu mövzuda danışıq tonu sərtləşib.

ANS TV-nin Tehran bürosunun məlumatına görə, İranla “altılıq” ölkələri arasında nüvə proqramına dair ilkin razılaşmadan cəmi bir həftə keçmiş bu məsələ ətrafında söhbətlər yenidən qəlizləşir.

Prezident Həsən Ruhani bəyan edib ki, İrana qarşı tətbiq edilən sanksiyalar tam aradan qaldırılmadan nüvə razılaşmasına son imza atılmayacaq. Həsən Ruhani nüvə fəaliyyətindən tam imtina edilmədiyini də vurğulayıb:

“Bizə tətbiq olunan embarqolar tamamilə qaldırılmadan heç bir anlaşma imzalanmayacaq. İran heç vaxt öz əleyhinə olacaq bir anlaşmaya imza atmaz. Bu razılaşma həm Qərb, həm də bölgə ölkələri baxımından faydalıdır. Region ölkələrinə səslənirik, gəlin qardaşlığımızı yenidən quraq”.

İndiyədək əldə olunan çərçivə razılaşmasını dəyərləndirməyən İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei də danışıb:

“Xalqın izzətini və maraqlarını qoruyacaq bir müqaviləni dəstəkləyirik. Əks halda razılaşmamaq şərəflidir. Tərəflər arasında heç bir razılaşma olmayıb. Mən razılaşmanın nə lehinə, nə də əleyhinəyəm. Bəzi adamlar məni təbrik edir. Lakin bu mənasızdır. İndiyə qədər baş verənlər heç bir razılaşmaya zəmanət vermir. Xain, hiyləgər, inadkar və insanı arxadan vurmağa öyrəncəli olan qarşı tərəf danışıqlarda müəyyən sədlərlə xalqımızı əhatə dairəsinə salmaq istəyir”.

Qərb ölkələrilə ilkin razılaşmanı sevinclə qarşılayan iranlılarsa, indi bir az tərəddüd içindədir. Amma hələ də danışıqların sonunu ümidlə gözləyənlər çoxdu.

Tehran sakini Ehsan Heydərzadə: "İlkin razılaşmada bizdən heç bir məcburi tələb yoxdur. Amma hələ danışıqların davamı var. Gözləyək, görək yekun müzakirələrdə nə baş verəcək. Onda biləcəyik ki, sevinməliyik, ya yox”.

Tehran sakini Tohid Mirhuseyni: "Həm Avropa, həm də Qərb ölkələri ilə əlaqələrimizin yaxşılaşması bu danışıqların nəticəsindən asılıdır. Əlaqələrimiz genişlənərsə, əlbəttə dövlətimizin gücü də artar. Müzakirələrin nəticəsi bizim üçün çox vacibdir”.

Aprelin 2-də İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramı üzrə “altılıq” ölkələrilə aparılan danışıqlarda çərçivə razılaşması əldə olunmuşdur.

Tərəflərin növbəti görüşünün iyunda olacağı nəzərdə tutulub ki, nüvə danışıqları ilə bağlı son razılıq əldə olunsun.

Mənbə
ANS TV: Nəvid Daneşvər