Tehran, 10 aprel, AZƏRTAC
İran Xarici İşlər Nazirliyində təcrübə keçən Azərbaycanın ADA Universitetinin bir qrup tələbəsi aprelin 10-da ölkəmizin Tehrandakı səfirliyində olub. Səfirliyin fəaliyyəti və iş prosesi ilə tanış olan tələbələr Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovla görüşüblər.
Səfir tələbələrə İranın dövlət quruluşu, tarixi, sosial həyatı, iqtisadiyyatı və beynəlxalq siyasəti haqqında məlumat verib.
Diplomat İran-Azərbaycan münasibətlərinə də toxunub. Qeyd edib ki, hər iki ölkənin münasibətləri mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsiplərinə əsaslanır. Ötən il Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri dövlətlər arasındakı əlaqələrin genişlənməsinə və inkişafına səbəb olub. Hazırda İranın Azərbaycanla iqtisadi, siyasi və mədəni əlaqələri mövcuddur və bu əlaqələr sürətlə inkişaf edir.
Görüşdə qeyd olunub ki, vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdırmaq və iki ölkənin regionları arasındakı ticarət əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycanın İranın Təbriz şəhərində baş konsulluğu açılıb. Eyni zamanda, İranın Naxçıvan Muxtar Respublikasında baş konsulluğu fəaliyyət göstərir.
Sonra səfir C. Axundov tələbələri maraqlandıran sualları cavablandırıb.
ADA universitetinin tələbələri İran Xarici İşlər Nazirliyinin şöbələrində iş prinsipini öyrənəcək və bir sıra tarixi şəhərlərə ekskursiya edəcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran