Bakı, 10 aprel, Gülnar Bəşirova, AZƏRTAC
“ADA” Universitetdə təhsil almaq uğur, üstünlük və şans deməkdir. Bu universitet mənə Stanford Universitetini xatırladır. Bunu AZƏRTAC-a müsahibəsində SAP Universiteti Alyansının baş vitse prezidenti Luis Murquianın deyib.
“Tələbələr bu universitetə daxil olmaqla özlərini inkişaf etdirmək imkanı qazanırlar. Bu gün “ADA” Universiteti özünün yüksək informasiya sistemləri, SAP ilə əməkdaşlıq, biznes yanaşmasında qlobal tendensiyalardan istifadə etməklə Azərbaycana böyük yeniliklər gətirib. Bizim məqsədimiz hər iki tərəf üçün qarşılıqlı şəkildə faydalı olacaq uzunmüddətli əməkdaşlıq qurmaqdır”,- deyən Luis Murquianın bildirib ki, bu onun Azərbaycana ilk səfəridir.
“Aeroportdan şəhərə doğru gəldikcə müasir iqtisadiyyata sahib olduğunuzun şahidi oldum. Daha çox xoşladığım isə insanlarınız oldu. Söhbət etdiyim insanların ağıllı və ziyalı olduğunu gördüm. Sevindirici haldır ki, bu cür keyfiyyətə malik olan insanlar da məhz ölkəniz üçün çalışırlar. Mən sizin şəhərinizdə sevgi gördüm. Arxitekturanız, binaların görünüşü olduqca möhtəşəmdir”, deyə Luis Murquianın qeyd edib.
Xatırladaq ki, bu gün Bakıda “ADA” Universiteti və SAP şirkəti arasında anlaşma memorandumu imzalanıb və “ADA” Universiteti SAP Universiteti Alyansının üzvünə çevrilib, həmçinin universitetin İT və Mühəndislik İnstitutunda regionun ilk Kompetensiya Mərkəzi yaradılmasına dair razılıq əldə olunub.