Bakı, 10 aprel, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsində aprelin 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 752 min 660-a çatıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeydiyyata alınan abonentlərin 22 min 863-ü qeyri-əhali, 1 milyon 729 min 797-i isə əhali sektoruna aiddir. Ötən rüb ərzində əhali kateqoriyasına aid 19 min 862 yeni abonent qeydiyyata alınıb ki, bunun da 10 min 538-i Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin, 9 min 324-ü isə regionların payına düşür. Cari ildə qazlaşdırılan və qaz təminatı bərpa olunan yaşayış məntəqələri abonentlərin say artımında mühüm rol oynayıb.
Aprelin 1-nə olan məlumata görə, əhali sektoru üzrə 123 min 152 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, eyni zamanda qeyri-əhali sektoru üzrə 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.