Məlumata görə, artıq Bağırov körpüsünə qədər olan hissədə asfalt-beton işləri yekunlaşıb. Axşam saatlarınadək Heydər Əliyev Mərkəzinin qarşına qədər olan hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Paralel olaraq asfalt-beton işləri qurtaran hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması, işıq dirəklərinin rənglənməsi və digər işlər davam etdirilir.
Qeyd edək ki, təmirin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə Heydər Əliyev prospektinin görkəmini dəyişməkdi. Prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda ay ərzində həmin ərazidən 1 mln.-dan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alaraq asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac var idi.
Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidənqurulması,yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi,yerüstü piyada keçidinin rekanstuksiyası və s. işlər həyata keçirilir.



