Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 12-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında breykdans üzrə ən nüfuzlu “Red Bull BC One” beynəlxalq çempionatın seçim turu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ölkəmizin 16 istedadlı bi-boyu Azərbaycanın ən yaxşı bi-boyu adı uğrunda mübarizə aparacaq. Hər bir iştirakçı özünün qeyri-adi breykdans üslubunu və texnikasını, habelə dözümlü və polad kimi möhkəm əsəb sahibi olduğunu nümayiş etdirməlidir.
“Red Bull BC One Azerbaijan Cypher 2015” seçim turunun qalibi sentyabrın 5-də Şərqi Avropa “Red Bull BC One” seçim mərhələsində (bu tur da Bakıda keçiriləcək) ölkəmizi təmsil edəcək və noyabr ayında Romada keçiriləcək dünya finalına düşmək üçün real şans qazanacaq.
Bi-boyların yarışı təkbətək turnir şəklində keçiriləcək (uduzan çıxır). Bu iştirakçılar aşağıdakılardır: STIMO, BOOCAS, KHAN, BUTTON, INFUSION, 2RAB, SLIM SKILLZ, CRAZY BONES, CHEERUS, FLEX FOOT, SUNNY-T, QUATTRO-J, RENNO, LIL-J, KILLA JAZZ и FANCY SNAKE.
Yarışların hakimləri Menno (“Red Bull BC One” hazırkı dünya çempionu, “RB BC One All Stars”, Niderland), Taisuke (“Red Bull BC One All Stars”, Yaponiya) və “Cheelito” (ən məşhur rus bi-boylarından biri) daxildir.
Tədbirin aparıcısı Ukraynadan “MC Scream” olacaq, musiqi müşayiətini isə ölkənin ən yaxşı di-ceylərindən biri, “Red Bull Thre3Style” üzrə üç dəfə ölkə çempionu “DJ Twist” təmin edəcək.