Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) magistr, doktorant və gənc tədqiqatçıların iştirakı ilə “Elmi-tədqiqat işinin aktuallığının əsaslandırılması” mövzusunda seminar keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda magistr tələbələrin “Azərbaycan etnomusiqişünaslığının təşəkkülü və əsas inkişaf mərhələləri”, “Kiçik həcmli muğamların məzmun-intonasiya xüsusiyyətləri”, “Fortepiano süita janrının təşəkkülü və əsas mərhələləri”, “Azərbaycan şifahi ənənəli professional musiqisinin inkişafında Bakı muğam məktəblərinin rolu” mövzularında məruzələri dinlənilib. Seminarın fəxri qonağı, professor, əməkdar incəsənət xadimi Kübra Əliyeva tələbələrə mövzu ilə bağlı məsləhətlər verib, onların suallarını cavablandırıb.
Tədbir çərçivəsində, həmçinin dizayn sənətinin tarixi və nəzəriyyəsi ixtisası üzrə magistratura pilləsinin birinci kursunda təhsil alan Nəsimi Əliyevin rəngkarlıq və qrafika əsərlərindən ibarət sərgisi keçirilib.
Sonda IV Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri, universitetin I kurs magistrlərı Ədalət Behbudov (tar) və Pərviz Fərhadova (kamança) fəxri fərmanlar təqdim edilib.