Bakı, 9 aprel, AZERTAC
Mədəniyyət və Turizm Nazirliyində turizm statistikası üzrə İşçi Qrupunun ilk iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində turizmin ÜDM-dəki çəkisi, xarici turistlərin ölkəmizdəki xərclərinin ölkə iqtisadiyyatında rolu, turizm sahəsinə qoyulan yerli və xarici investisiyalar və bir sıra digər mühüm məsələlər müzakirə edilib, sözügedən sahə üzrə ən əsas göstəricilərin əldə edilməsi metodlarının təkmilləşdirilməsinə dair müxtəlif təklif və ideyalar səsləndirilib.
İclasda Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi və Mərkəzi Bankın nümayəndələri iştirak edib.
Xatırladırıq ki, turizm statistikası üzrə İşçi Qrupu, ölkəmizdə turizm statistikasının daha dəqiq aparılması, bu sahənin mövcud və potensial problemlərinin aidiyyəti qurumların birgə görüşləri, müzakirə və təklifləri əsasında həll edilməsi məqsədilə mədəniyyət və turizm nazirliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edək ki, bu tip görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.