Bakı, 9 aprel, AZƏRTAC
Bakıda keçirilən “Digərlərinin dadı - Avropada XVIII-XIX əsrlərdə qastronomik “özgələr” mövzusunda konfransın materialları Fransada kitab şəklində nəşr edilib.
Bakı Slavyan Universitetinin (BSU) professoru Rəhilə Qeybullayeva AZƏRTAC-a bildirib ki, konfrans Fransanın Nancy II Universiteti, Versailles Saint-Quentin-en-Yvelines Universiteti, Lorraine Elm Evi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası ilə birgə Xəzər Universitetində keçirilib. Mədəniyyət identifikasında dünya mətbəxlərinin roluna həsr olunan konfransda Azərbaycan, Almaniya, İtaliya, Kanada, Bolqarıstan və digər xarici ölkələrdən alimlər iştirak ediblər.
Fransız dilində çap olunan kitab mədəniyyət sərhədlərinin formalaşmasında xarici amili araşdırır.
“Mədəniyyət sərhədlərinə yeni baxışlar” layihəsi ( Research Program NAFTES “New approaches to cultural boundaries” MSH Lorraine) çərçivəsində professor Didier Francfort, professor Rəhilə Qeybullayeva, doktor Deniz Saillardın əlaqələndiriciliyi ilə həyata keçirilib.
Kitaba BSU-nun professorları Rəhilə Qeybullayevanın ”Özgə dad və ya unudulmuş dad: dadların kəsişməsi, unudulmuş və ya qloballaşmış dad”, Rəhilə Quliyevanın “XVIII əsr rus müəlliflərinin əsərlərində qastronomiya” və İzabella Ağayevanın “XVIII-XIX əsrlər rus tarveloqlarında Avropa mətbəxi”mövzularında məqalələri daxil edilib.
Nəşrin redaktorlari Fransadakı Mədəniyyət Tarixi İnstitutunun direktoru, Lorraine Universitetin professoru Didier Francfort, Versal Universitenin dosenti mətbəxlərin mədəniyyətlərdə rolu üzrə mütəxəssis Deni Saillarddır.