Ağcabədi, 9 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi şəhərinin mərkəzi meydanında Müdafiə Nazirliyi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş “Xalq və ordu birdir” devizi altında kütləvi vətənpərvərlik mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, hərbi xidmətçilər, Böyük Vətən və Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimai xadimlər, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirak etdikləri tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı Aqil Abbas, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən bəhs ediblər. Bildirilib ki, müharibə illərində azərbaycanlılar həm ön, həm də arxa cəbhədə fədakarlıqlar göstəriblər. Faşizm üzərində qələbəyə məhz xalqla ordunun birliyi sayəsində nail olunub.
Qeyd edilib ki, 1945-ci ildə faşizmin məğlubiyyətə uğradılmasında böyük rolu olmuş Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə qazanacaq. Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin yüksək döyüş ruhu və ordu ilə xalqın birliyi sayəsində Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızı azad edəcək.
Tədbirdə Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının, tanınmış incəsənət ustalarının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim edilib. Böyük Vətən müharibəsinin başlanması, Azərbaycan oğullarının cəbhəyə yollanması kompozisiya və səhnəciklərlə canlandırılıb.
Sonra müharibə veteranlarının iştirakı ilə meydana 1945-ci ildəki qələbə bayrağı gətirilib. Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib.
Hərbi vətənpərvərlik ruhunda mahnı və rəqslərlə davam edən tədbirdə Böyük Vətən müharibəsi veteranlarına, həmçinin Qarabağ döyüşlərində həlak olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Belarusdan olan Anatoli Davudoviçin ailə üzvlərinə hədiyyələr təqdim edilib.





