Gəncə, 9 aprel, Sabir Əliyev, AZƏRTAC
Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka bölgə ilə tanışlıq məqsədilə aprelin 9-da Gəncəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elmar Vəliyev çexiyalı diplomata Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında, onun iqtisadiyyatı, mədəniyyəti, eləcə də insanların həyat tərzi barədə ətraflı məlumat verib. Respublikamızın digər bölgələri kimi Gəncənin də gündən-günə inkişaf etdiyini diqqətə çatdıran Elmar Vəliyev onu da vurğulayıb ki, 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilən Gəncədə hazırda genişmiqyaslı tədbirlər həyata keçirilir.
Çexiyalı səfir Vitezslav Pivonka Gəncəyə səfərindən məmnun qaldığını bildirib və burada gedən abadlıq-quruculuq işlərinin onda xoş təəssürat yaratdığını diqqətə çatdırıb. Çexiyanın Olomouc vilayəti ilə Gəncə arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətindən danışan səfir deyib ki, oxşar cəhətləri ilə bir-birinə bənzəyən hər iki bölgənin iş adamları arasında münasibətlərin qurulması böyük səmərə verə bilər.
Görüşdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin nəfis şəkildə çap olunmuş “Xəmsə”si qonağa hədiyyə edilib.
Sonra çexiyalı diplomat Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvinin məqbərəsi və şəhərin digər görməli yerləri ilə tanış olub.