Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı, Prezident yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda keçirilən “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda forum işini aprelin 9-da davam etdirib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, forum çərçivəsində iştirakçılar “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin ofisində olublar. Avropa Gənclər Forumunun, Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, Bolqarıstan və Gürcüstanın gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib, Oyunlar, hazırlıq prosesi, yarışların keçiriləcəyi idman qurğuları barədə ətraflı məlumat verilib.
İştirakçılar satış mərkəzindən açılış mərasimində iştirak etmək üçün biletlər alıblar.
Tədbirdə “Gəncə-2016: Gələcəyə baxış” beynəlxalq forumu ilə bağlı da məlumat verilib. Bildirilib ki, bu tədbirdə Avropa Gənclər Forumunun nümayəndələri, bu günədək Avropa gənclər paytaxtı seçilmiş şəhərlərin təmsilçiləri iştirak edirlər. Forumun məqsədi gələn il Avropa gənclər paytaxtı olacaq Gəncədə həyata keçirilən tədbirlərin və görüləcək işlərin təqdimatı, bu sahədə xarici təcrübənin öyrənilməsi, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verməkdir.
Forumda iştirakçılar arasında təcrübə mübadiləsi aparılacaq, layihə çərçivəsində müxtəlif mövzularda sessiyalar keçiriləcək, görülmüş və görüləcək işlər müzakirə olunacaq. Həmçinin Avropa gənclər paytaxtı olmuş şəhərlərin nümayəndələrinin tövsiyə və təklifləri dinləniləcək.
