Ermənistanın baş naziri Ovik Abraamyan növbəti dəfə dilənçilik missiyasını işə salaraq, Beynəlxalq Valyuta Fondunun (BVF) İrəvan ofisinin rəhbəri Mark Xorton ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə Ermənistanın iqtisadi vəziyyətinin və maliyyə-kredit siyasətinin ürəkaçan olmadığı, energetika, kənd təsərrüfatı və sənaye sahəsində ciddi problemlərin yarandığı diqqətə çatdırılıb.

Erməni mətbuatının yazdığı kimi, baş nazir "dilənçilik diplomatiyası"ndan istifadə edərək, yaranmış vəziyyətdən çıxış yolunun çətin olduğunu söyləyib, energetika və kənd təsərrüfatı sahəsində proqramların icrası üçün Beynəlxalq Valyuta Fondunun maliyyə yardımı göstərməsini xahiş edib.

M.Xorton bu ölkənin BVF-yə olan borcunun günbəgün artığını, ölkədə iqtisadi inkişafın perspektivinin yoxluğunu söyləyib, bu ölkədə hər hansı proqramın reallaşdırılması üçün kömək göstərmək imkanının qeyri-müşkül olduğunu deyib.

Ümumiyyətlə, son dövrlər Ermənistan mətbuatında ölkədəki iqtisadi vəziyyətin günbəgün pisləşməsi, Rusiyada yaranmış böhranlı vəziyyətin bu Cənibi Qafqaz ölkəsindən yan keçməməsi, yerli məhsul istehsalının tamamilə dayanması, eləcə də ixracatçı müəssisə və şirkətlərin ciddi problemlərlə üzləşməsi ilə bağlı məlumatlar dərc olunur.

Bu yaxınlarda ölkənin "168 saat" qəzeti yazmışdı ki, Ermənistanın ixracı 26%, idxal isə 25% aşağı düşüb. İxracatçılar Rusiyada rublun dəyərini itirməsindən sonra ciddi problemlərlə qarşılaşıblar. İndi erməni malları həm keyfiyyətinə, həm də qiymətinə görə Rusiya bazarında rəqabətə davam gətirmir. Çünki rubl dollara nisbəttə əhəmiyyətli dərəcədə qiymətdən düşüb. İxracat və idxal potensialının get-gedə minimuma enməsi əhalinin dolanışığına ciddi təsir göstərib və ictimai narazılıq artıb. Hətta vəziyyət sosial partlayış həddinə çatıb.
Mənbə
ANS PRESS